Sənaye xəbərləriindustry 0 Azərbaycanda orta illik inflyasiya 1,5%-ə düşüb
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2009-cu il ərzində təxminən 15% və ya 3 mlrd. ABŞ dolları artaraq 20 mlrd. dollar həddini ötüb. «APA-Economic»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı prezident yanında keçirilən toplantısında bildirib.
E.Rüstəmovun sözlərinə görə, ötən il milli valyutanın sabitliyi, bütövlükdə ölkədə makroiqtisadi sabitliyin qorunması, strateji valyuta ehtiyatlarının artımı ilə müşayiət olunub: « Belə bir artım böhran ilində çox yüksək nəticədir. Sabit manat həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını alıb. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırıb».
İnflyasiya məsələsinə toxunan baş bankir ötən il ərzində yüksək inflyasiyanın qarşısının alındığını bildirib. «Ötən ilin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5% olub ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfədən çox azdır. Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən 6% səviyyəsində saxlanmasını təmin edib. Həm də iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsir göstərib. Milli istehsalçıların orta çəkili qiymətləri ticarət tərəfdaşı ölkələrindəki qiymətlərdən təxminən 6% aşağı düşüb», - deyə E.Rüstəmov qeyd edib. URL http://www.apa.az/news.php?id=174886
bütün xəbərlər
|