Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия


SƏRGİ ÇƏRÇİVƏSİNDƏ



“Qara qızıl” diyarı Azərbaycan

“Qara qızıl”ın tarixi bir neçə yüzilliyi əhatə edir, lakin neftin hasilatı, tətbiqi və emalı prosesinin əsas mərhələləri məhz Azərbaycanla bağlıdır. Çoxsaylı faktlar sübut edir ki, Azərbaycan qədim dövrlərdən bəri neft diyarı kimi tanınır. Belə ki, artıq X əsrdə Abşeron yarımadasında 10-12 m dərinliyində quyular qazılır, bu quyulardan neft çıxarılır və çıxarılan neft öz unikal xüsusiyyətlərinə görə “ağ neft” adlandırılırdı. Bununla belə, səyyahlar neftin yanacaq xassəsi ilə yanaşı, müalicəvi xüsusiyyətlərini də qeyd edirdilər.

XVI əsrdə karvanların keçdiyi İpək Yolunda yerləşən Bakı şəhəri tranzit limanı kimi xüsusi əhəmiyyət qazanır. İnsanlar nefti buradan dünya bazarlarına göndərirdilər, ölkənin müxtəlif regionlarına isə “qara yağ” qatır və dəvələrin belində daşınırdı. XVIII əsrdən başlayaraq Azərbaycan və Xəzər dənizi, ən zəngin “qara qızıl” yatağı kimi, güc və söz sahibi olan dünya dövlətlərinin diqqətini özünə cəlb edir və bir sıra qonşu ölkələrin xarici siyasətində mühüm yer tutur. XIX əsrdə neft Bakının ətraf ərazilərində fəal şəkildə, lakin əsasən yerüstü üsulla çıxarılırdı. 1847-ci ildə isə Azərbaycanda neft hasilatı haqqında təsəvvürü alt-üst edən hadisə baş verdi. Belə ki, Bakı şəhərinin Bibiheybət adlanan ərazisində ilk dəfə neft fontan vurdu. Qazılmış ilk quyunun dərinliyi cəmi 21 metr idi, lakin buna baxmayaraq, sözügedən hadisə dünyada neft hasilatı sahəsində sənaye üsulunun əsasını qoydu. Sonrakı illərdə “ilk dəfə Bakıda” ifadəsi dünya neft-qaz sənayesi tarixinin xronologiyasını müşayiət edirdi. Belə ki, 1872-ci ildə Nobel qardaşları Bakıda  “Branobel” adlı ilk neft şirkətini təsis etdilər. Tezliklə burada həm də ilk neftayırma zavodu inşa edildi. Bundan bir az əvvəl, yəni 1877-ci ildə “Zoroastr” (“Zərdüşt”) adını daşıyan ilk neft tankeri suya buraxıldı.

İkinci Dünya Müharibəsi dövründə Xəzər nefti böyük rol oynadı, belə ki, o zaman Sovet İttifaqında bütün neftin təxminən 70%-i Bakıda hasil olunurdu. Sovet dövründə Azərbaycan alimləri neft-qaz sahəsində bir çox kəşflər etdilər. Buna misal olaraq, Azərbaycanda neft hasilatının inkişafına güclü təkan vermiş, dünyaca məşhur “Neft daşları” yatağının kəşf edilməsini göstərmək olar.

Respublikanın müstəqillik qazanması milli iqtisadiyyat üçün “qızıl əsri”nin başlanğıc nöqtəsi oldu. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın iqtisadi durumu mürəkkəb idi və həmin dövrdə Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə üçün bir sıra taleyüklü addımlar atdı. 1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və iri xarici neft şirkətləri konsorsiumu arasında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş - “Əsrin müqaviləsi” imzalandı. İyirmi il bundan əvvəl bu nəhəng layihənin başlanması ilə Azərbaycan dünyanın bir çox şirkət və ölkələri üçün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dünya miqyaslı əməkdaşlığın rəmzinə çevrildi. “Əsrin müqaviləsi” bütün Xəzər regionunda xronoloji baxımdan ilk saziş olmaqla yanaşı, həm də Azərbaycanla qərbin ən müasir neft-qaz hasilatı texnologiyalarını tətbiq edən iri xarici sərmayədarlar arasında uğurlu əməkdaşlığın bariz nümunəsinə çevrildi. Bu hadisə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənməsinin əsas istiqamətlərini müəyyən edərək, respublikanın neft tarixində yeni mərhələnin əsasını qoydu. Məhz həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “Caspian Oil and Gas” adlı birinci ixtisaslaşdırılmış neft-qaz sərgisi təşkil edildi. Bu sərgi bütün regionda yanacaq-energetika kompleksinin inkişafına öz töhfəsini verməklə, əsası qoyulduğu gündən indiyə kimi neft-qaz sahəsinin əsas hadisəsi olaraq qalır.

Azərbaycanda bu gün də iri energetika, neft və qaz layihələri həyata keçirilir. “Şahdəniz” yatağında kəşfiyyat quyuları qazılmış və onların tədqiqi nəticəsində məlum olmuşdur ki, son 20 il ərzində dünyanın heç bir yerində bu qədər zəngin qaz yatağı kəşf edilməyib. 2011-ci ildə Abşeron strukturunda yeni ən böyük qaz yatağı kəşf edildi. “Ümid”, “Zəfər-Məşəl”, “Naxçıvan”, “Şəfəq” və “Asiman” adlı perspektivli dəniz strukturlarında kəşfiyyat işlərinin aparılmasına dair planlar işlənib hazırlanmış və təsdiq edilmişdir. Azərbaycan Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tranzit neft-qaz layihələri, eləcə də 2012-ci ildə imzalanmış saziş əsasında həyata keçirilən “TANAP” qaz boru kəməri layihəsinin iştirakçısıdır. Bakı şəhəri yaxınlığında yeni neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) yaradılması üzrə meqa layihənin həyata keçirilməsinə başlanılmışdır.

Ölkə rəhbərliyi Azərbaycanın milli maraqlarına əsaslanan neft strategiyasını fəal surətdə həyata keçirir. Karbohidrogen xammalının satışı və nəql olunmasından əldə olunan gəlirlər intensiv şəkildə xalq təsərrüfatının qeyrineft sektorlarına sərmayə kimi yatırılır və məhz bunun sayəsində də Azərbaycan iqtisadiyyatı sabitlik və davamlılıq nümayiş etdirir. Bakıya gələn hər bir kəs respublikanın son iyirmi ildə əldə etdiyi çoxsaylı nailiyyətlərin və gələcək üçün planlaşdırılan dəyişikliklərin şahidi olur.

Beləliklə, zaman öz axarı ilə gedir və Azərbaycanın “qara qızıl” tarixinin yeni səhifələrini yazır...

 




BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR






SPONSORLAR







































RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2022 20/05/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek