Bakı – APA-Economics. Son illər Gürcüstan əhalisinin avtomobil qazına tələbatı və ölkədə Avropa standartlarına uyğun, yüksək keyfiyyətli xidmət təklif edən təhlükəsiz qazdoldurma stansiyalarına ehtiyac kəskin artıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin ikinci yarısından bu bazara daxil olmuş ARDNŞ daha iki qazdoldurma stansiyasını istismara verib. Tbilisinin Kaxetiya şosesində və Quramişvili küçəsində yerləşən yeni SOCAR qazdoldurma stansiyaları «Galileo» şirkətinin istehsalı olan son nəsil kompressor avadanlıqları ilə təchiz olunub. Açılış mərasimində «SOCAR Energy Georgia» şirkətinin baş direktoru Mahir Məmmədov, Argentinanın «Galileo» şirkətinin direktoru Osvaldo del Kompo iştirak ediblər.
«Galileo» avadanlıqları qazın tez və təhlükəsiz şəraitdə doldurulmasını təmin edir. Yeni texnologiyalı kompressor üçün ayrıca bina tələb olunmur, çünki o, ən yeni yanğından mühafizə sistemi ilə təchiz olunmuş mikro-bokslarda yerləşdirilib. Stansiyalarda əhaliyə avtomobilin salonunun təmizlənməsi, təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su təminatı və s. xidmətlər təklif olunur. Kaxetiya şosesində yerləşən qazdoldurma stansiyasında istifadəyə verilmiş marketdə isə müştərilərə 24 saatlıq xidmət göstərilir.