Bakı. Vahab Rzayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində indiyədək 236 mln. ton neft hasil olunub. «APA-Economics»in məlumatına görə, buye bu gün «BP-Azerbaijan» şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən Texnologiyalar Forumunda çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, AÇG çərçivəsində hasil olunmuş neftin 150 mln. tonu Azərbaycanın payına düşən mənfəət nefti olub: «Əgər 1997-ci ildə Azərbaycanda illik neft hasilatı 9 mln. ton təşkil edirdisə, hazırda bu göstərici 50 mln. tona bərabərdir. «Əsrin Müqaviləsi» çərçivəsində AÇG-dən hasil olunacaq neftin həcmi 510 mln. ton proqnozlaşdırılırdısa, aparılan kəşfiyyat işləri proqnozu 900 mln. tona çatdırıb».
X.Yusifzadə həmçinin bildirib ki, son 2 il ərzində AÇG-də müəyyən problemlər üzə çıxıb və bu da nəticədə neft hasilatına təsir göstərib: «Hazırda «BP-Azerbaijan» şirkətinin apardığı işlər nəticəsində yataqlar blokunda vəziyyət sabitləşib və işlər normal qaydada gedir».
Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.