Baş xəbərlər05.06.2012 22:52 Burada iştirak etməkdə əsas məqsədimiz regional şirkətlərlə əlaqələri genişləndirməkdir.
Azər İsayev, “Caspian Pipe Coating LLC” şirkətinin icraçı direktoru / layihə direktoru – Azərbaycanda neft-qaz sektorunun inkişafı üçün “Caspian Oil & Gas” sərgisinin əhəmiyyəti böyükdür. “Caspian Pipe Coating LLC” şirkəti dördüncü dəfədir ki, bu sərgidə iştirak edir. Burada hər dəfə müsbət tərəfə xeyli inkişaf və dəyişikliklərin baş verdiyini müşahidə etmək olar. Bu sərgi sayəsində hər bir müəssisə gələn il ərzində yerinə yetirməli olduğu işlər istiqamətində özü üçün nəticələr çıxarır və qeydlər edir. İldə bir dəfə keçirilən bu sərgi və konfransda Azərbaycan neft-qaz sənayesinin inkişaf təmayülünü də müşahidə etmək mümkündür. Bunun nəticəsi isə ondan ibarətdir ki, Azərbaycanın neft-qaz sektoru yanaşı sahələrlə birlikdə uğurla inkişaf edir. Bizim şirkət tam yerli şirkətdir və müəssisənin təsisçisi qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) çıxış edir. Fəaliyyətimizin ən qızğın dövründə isə müəssisəmizdə 220 nəfər işləyir. Şirkətimizin həyata keçirdiyi işlərdən danışarkən, Azəri-Çıraq-Günəşli (“Chirag oil project”) neft-qaz yataqları blokunda neft hasilatı həcminin artırılması üzrə layihə çərçivəsində görülən işləri qeyd etmək olar. Hazırda bu layihə çərçivəsində işlər başa çatdırılmaqdadır. Həmçinin, Xəzər dənizində Azərbaycanın Şahdəniz qaz kondensatı yatağının işlənməsinin ikinci mərhələsində də şirkətimizin iştirakı planlaşdırılır. Biz 9 ildən çoxdur ki, fəaliyyət göstəririk və sərgidə öz əsas məhsulumuzu – müxtəlif diametrli boruları nümayiş etdiririk. Burada iştirak etməkdə əsas məqsədimiz regional şirkətlərlə, xüsusilə də Rusiya, Qazaxıstan və Türkmənistan şirkətləri ilə əlaqələri genişləndirməkdir. Bu, Xəzər regionunun digər ölkələrində də fəaliyyət göstərə bilməyimiz baxımından zəruridir.
bütün xəbərlər
|