Baş xəbərlər05.06.2012 16:27 Baş nazirin müraciəti 5 iyun tarixində “Caspian Oil and Gas” sərgisinin rəsmi açılış mərasimində Birləşmiş Krallığın nümayəndəsi tərəfindən oxunmalıdır.
Mən Birləşmiş Krallığın Ülyahəzrət hökuməti adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Azərbaycan xalqını 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” (“Caspian Oil and Gas”) sərgi və konfransı münasibəti ilə təbrik edirəm. Azərbaycan elə bir regionun mərkəzində yerləşir ki, həmin regionun malik olduğu enerji sərvətləri qarşıdan gələn illər ərzində dünya iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edəcək və Azərbaycan bu sərvətlərdən hamının faydalana bilməsi üçün həm əsas, həm də fəal rol oynayır. Keçən ilin sonlarında aparılan danışıqların mövzusu olmuş Hökumətlərarası saziş, habelə Şahdəniz qazını Avropaya nəql etmək üçün Trans-Anadolu boru kəmərinin tikintisinin elan edilməsi “Cənubi qaz dəhlizi” layihəsini reallığa çevirməyə kömək edəcək. Bu isə Avropa enerji təchizatının diversifikasiyası istiqamətində kardinal dəyişiklikdir. Həmçinin, regionda karbohidrogen ehtiyatlarının hasilatı üçün şəraitin yaradılması da vacib məsələlərdən biridir və biz şadıq ki, Azərbaycanda ən iri xarici sərmayədar olan BP şirkəti bu işdə yaxından iştirak edir. Lakin həm bu layihə çərçivəsində, həm də öz növbəsini gözləyən digər layihələrlə bağlı hələ də xeyli iş görülməlidir və mən gələcək üçün sabit enerji təchizatı mənbəyinin təmin olunması istiqamətində səy göstərən hər bir kəsə müvəffəqiyyətlər diləyir, bu ilki “Xəzər neft-qaz” sərgisinin bütün iştirakçılarına isə uğurlu həftə arzulayıram.
bütün xəbərlər
|